Ailədə yaranmış münaqişəli vəziyyət bir çox hallarda adi küsüşmə, deyişmə, ağızlaşma və s. nəticəsində həddini aşıb daha kəskin səciyyə daşıyır.
Ailə münaqişələri mənbəyində, məzmununa və formasına görə müxtəlifdir:
I. Ər-arvadın tələbatlarının, o cümlədən seksual tələbatlarının təmin olunmaması əsasında əmələ gələn.
II. Onların özlərinin qarşılıqlı hüquq və vəzifələrindən, ailədə əmək bölgüsündən, uşaqlara göstərilən qulluqdan narazı olması əsasında əmələ gələn münaqişələr.
Ailə münaqişələrinin ən başlıca səbəbi uzun müddət maddi səbəblərlə (ailənin təmin olunması, pulun xərclənməsi, mənzil problemi və s.) bağlı olmuşdur.
Boşanmaların bir qismi ər-arvad vəfasızlığı (xəyanəti) nəticəsində baş verir. Bu, azərbaycanlı ailələrdə geniş yayılmışdır.
Hər şeyi – səhvi, diqqətsizliyi, düşüncəsiz hərəkəti, hətta təsadüfi məğlub olmanı da bağışlamaq mümkündür. Yalnız şüurlu, bilərəkdən bu addımı atmaqdan başqa. Bəşəriyyət bu hissə qarşı nə üçün belə barışmazdır? Cavabı aydındır: insanların bir-birinə inamı olmadan heç bir birgə iş, fəaliyyət mümkün deyildir. Xəyanət, yeri gələndə bir xalqın taleyini həll edir. Ona görə də bu dünyaya göz açan gündən uşaqlara xəyanət hissi uzaq olmalıdır.
Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqancdırlar. Bəzən bu hiss belələrində heç bir əsas olmadan baş qaldırır və müəyyən bəhanə də lazım gəlmir. Səbəb onun daxili aləmində, təbiətindədir. Qısqanclıq, üç şəkildə özünü büruzə verir:
- Kişi və ya qadın azca qısqanır, sonra yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir.
-Kişi və ya qadın son dərəcə özündən çıxır, danışığına, hərəkətlərinə hədd qoymur.
-Kişi və ya qadın yalnız özünə təsəlli verməklə kifayətlənir.
Bir dəfə iş yerində xəlvəti kişinin cibinə bir qadın şəkil qoyurlar. Həyat yoldaşının pencəyini təmizləyən arvad şəkli aşkara çıxarıb onu sorğu-suala tutmağa başlayır. Kişi həmin şəkildən xəbəri olmadığını söyləyir. Lakin sorğu-sual mübahisə və dava-dalaşla nəticələnir.
Qısqanclıq keçmişin qalığıdır. O, sevgililər, nişanlı oğlan və qızlar, nəhayət, ər-arvad arasındakı ən yaxşı münasibətləri ləkələyir. Qısqanclıq əslində insanın başqasına və öz-özünə bəslədiyi inamsızlığın təzahürüdür.
Həyatda bəzən qısqanc olmayan adamı qınayırlar: “Qısqanmır, demək sevmir”. Bir çox alimlər sübut etmişlər ki, insanın beyin qabığının düyümləri arasında xüsusi qısqanclıq mərkəzi vardır. Onlar müşahidələr və tədqiqatlar nəticəsində bu qənaətə gəlirlər. Həyatda qısqanclıq hissindən məhrum adama rast gəlmək çətindir. “Açıq söhbət” kitabından oxumuşdum: “Qısqanclıq hissi müxtəlif formalarda təzahür edir. Bir qısqanclıq var ki, qısqanılan adamın xoşuna gəlir, onu daha da məlahətləndirir, sevindirir, ürəkləndirir. Bu qısqanclıq inamsızlıqla yox, qarşılıqlı etimadla sıx əlaqədar olan qısqanclıqdır. Belə qısqanclıq sevənlərin qəlbində məhəbbəti ülviləşdirir, dərinləşdirir, onların arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, büllurlaşmasına səbəb olur”. Ərin öz arvadına inanmaması və bunu nəinki ona, habelə uşaqlara, qohumlara, tanışlara, qonşulara və başqalarına hiss etdirməsi ailə faciəsidir.
Atalar bunu da deyib: ”Mərdi qova-qova namərd edirlər”. Həyat yoldaşının gözəl, yaxud çirkinliyindən asılı olmayaraq onunla münasibətində, ər həmişə sözün əsl mənasında davranış mədəniyyətini gözləməlidir. Eyni sözlər qadınlara da aiddir.
Fırıldaqçı falçılara inanan, evindən soyumuş əri üçün “cadu etdirən”, “məhəbbət duası” yazdıran qadınlar hələ də aramızda vardır. Kişinin ciblərini axtaran, telefon nömrələrindən şübhələnən və telefon söhbətlərinə qulaq asan, ona gələn məktubları xəlvəti oxuyan, tanış qadınların söz-söhbətlərinə inanıb evdə dava-dalaş salan qadın, özünə hörmət etmədiyini düşünürmü? O, bu yolla özünü tanışların, qohumların, uşaqların yanında yalnız alçaldır.
Davamı var...