Əslində məndən yazarımız Gülşən xanım buğlama reseptini istəmişdi, saytda olan buğlama reseptlərini ona göndərsəm də canıma sınmadı Onun üçün mənim bildiyim əsl buğlamanın reseptini sizlərlə bölüşürəm. Balıq buğlamasının özəlliyi ondadır ki, bu yemək balığın başından hazırlanır.Xırda sümüklü balıq başından deyil, daha yağlı olsun deyə sümüksüz balığın başından hazırlanır. Yay mövsümündə pomidor-bibərlə, qiş mövsümündə isə keşniş-şüyüdlə bişirilir.Balığın başında da gövdəsində olduğu kimi ət olur amma bir az yağlı və dadlı olur.Onu da qeyd edim ki, balıq başı kimi insanin beyninə, yaddaşına, gözünə və ürəyinə xeyirli olan ikinci bir məhsul yoxdur!
Lazım olan ərzaqlar:
Sümüksüz balığın baş hissəsi
Soğan
Kartof
Pomidor
Bibər
Dəfnə yarpağı
Kərə yağı
Azərduz yodlu narın xörək duzu, istiot
1/2 stəkan su
İlk öncə balığın qulaq hissəsinin altındakı qırmızı qat-qat hissəni cıxardırıq və balığı yuyub hissələrə bölürük. Həmin hissədən başqa balığın başından kəsilib atılacaq hissə yoxdur.
Daha sonra soğanı fal-fal doğrayib qazanın dibinə düzürük.
Onun üzərinə doğranmış balıqları düzüb, zövqə görə duz və istiot tökürük.
Daha sonra kartofu yenə fal-fal doqrayib balıqların üzərinə düzürük və yenə az miqdarda duz-istiot vururuq.
Bundan sonra pomidorlarımızı doğrayıb düzürük.
Ən sonda isə bibərləri doğrayıb düzəndən sonra dəfnə yarpaqlarını da üzərinə yerləşdirib kərə yağını da əlavə edirik. Üzərinə 1/2 stəkan su əlavə edib, qazanın içinə bir boşqabı tərs çevirib qoyuruq ki, ərzaqlar bişdikcə aşağı itələnsin. Qazanın ağzını kip bağlayıb, vam odda təqribən 1.5 saat bişiririk.
Budur buğlama hazırdır. Hazır olanda o qədər xoş ətri olur ki, heç mən özüm də dayana bilməyib tez-tələsik şəklini çəkib yeməyə başladım