Hər kəsə salam!
Gec də olsa, sizə söz verdiyim kimi arıqlamağımın nəticəsini və arıqlama üsulumu təqdim edirəm. Bilirəm, yazılarımı kənara qoyub birbaşa şəkillərə baxacaqsız, amma məsləhət görərdim ki, yazdıqlarımı da oxuyasız, xüsusilə, artıq çəkidən əziyyət çəkirsinizsə.
İlk olaraq onu qeyd edim ki, bu saytda Selcan xanımın arıqlamaq barədə olan layihəsi ilə mənim arıqlamaq prosesim üst-üstə təsadüfən düşdü. Əslində, mən bir az daha öncə arıqlamağa başlamışdım, amma elə də nəticəsi hələ olmamışdı, buna zaman tələb edilirdi. Mən arıqlamaq prosesinə 2011-ci ilin mart ayının 22-dən başladım və istədiyim nəticəni elə bu ilin sentyabr ayında aldım.
Əvvəllər çox əziyyət çəkirdim artıq çəkidən. Çəkim 74 kg-a qədər qalmışdı. Düşünürdüm ki, 59 kg-a qədər arıqlasam normam olacaq, elə bu saytdakı sayğac da tam 59 kg-a qədər hesabladı, bu barədə də sayta fikrim üst-üstə düşdü və buradan da çoxlu məsləhətlər götürdüm, mənə dəstək oldular, mən də dəstək oldum.
Arıqlamaq üçün gündəlik həyatımda 2 şeyi dəyişdim: qida və hərəkəti.
Qidada:
Daha tez-tez və daha az kalorili məhsullar yeməyə başladım. Bu o demək deyil ki, şirniyyatdan təmamilə imtina etdim. Az miqdarda şirniyyat da qəbul edirəm, amma ağ çörəkdən təmamilə imtina etmişəm, əvəzində qara çörək yeyirəm, bu həm xeyirli, həm doyuzduran və həm də az kalorili olur. Çox mühüm bir şeyi anladım - ac qalmaqla kökəlir, mədəm tox olanda arıqlayıram. Bu o deməkdir ki, tez-tez və az-az yemək lazımdır. Hər bir saatın öz yeməyi var, məsəlçün, axşam gecəyə yaxın, və ya gecə vaxtı yuxudan 3-2 saat öncə ancaq yüngül qatıq, meyvə, və ya mayonezsiz salat yemək olar. Tez-tez su içmək lazımdır. Yeməkdən yarım saat öncə qəbul edilən su həzmi tezləşdirir. Əvvəllər çoxlu miqdarda meyvə şirəsi içirdim, onu da tərgitdim. Yemək zamanı tələsməyərək yemək lazımdır, bu həm həzmi asanlaşdırır, həm də beyinə doymaq siqnalını zamanında çatdırır. Hər bir qab adi yemək ilə paralel olaraq kahı, pomidor və xiyardan düzəldilmiş mayonezsiz və duzsuz salat yemək lazımdır, salat yemək həzmi sürətləndirir. Çayı şirniyyatsız içmək lazımdır, yaşıl çay da arıqlamaq üçün xeyirlidir, təzyiq aşağıdırsa, tez-tez içmək məsləhət görülmür.
Hərəkət:
Dediyim kimi mart ayının 22-dən idmanla da məşğul olmağa başladım. İdman zalına yazıldım. İlk olaraq onu deyim ki, trenajorlar 2 cür olur - kardio və güc trenajorları. Kardio trenajorlara velosiped, qaçış trenajoru və stepper, xizək hərəkətinə bənzər hərəkət verən trenajorları aid etmək olar. Onlar bədəndə çoxlu sayda kalorini tez hərəkət etməklə yandırır, arıqlamaq üçün çox effektlidir. Kardiotrenajorlarla ilk aylarda hər dəfə 1 saat məşğul olurdum (idmana həftədə 3-4 dəfə gedirdim). Onlardan ən effektlisi xizəkəbənzər hərəkətli trenajordur:
Bir saatda təxminən 500 kalorini ən azı yandırır.
Kardio trenajorlardan sonra bədənin korrektəsi üçün güc trenajorlarından istifadə edirəm. Bu da hardasa yarım saat məşğələ olur. Deməli, qollar üçün 2 kiloluq qantellərdən istifadə edirəm, budlar üçün və arxa hissə üçün başqa trenajorlardan istifadə edirəm. Bununla belə, budlarda olan selülitlərdən əsər əlamət qalmadı, ayaqlarım daha gözəl, budlarım daha möhkəm oldu, belim daha da incələşdi və ayıb olmasın, arxa hissəm yarandı. (ayıb olmasaydı çimərlik geyimində şəkil qoyardım, amma sayta oğlanlar da baxır deyə, qoymadım). Kompleksli pressə başladım:
Onu da deyim ki, ilk olaraq 2 həftə bədən əzələləri yaman ağrayır, amma sonradan öyrəşir. Ağrını gözləmək lazımdır keçsin sonra idmana yenidən başlamaq lazımdır.
İdman zamanı qidaya da fikir vermək lazımdır. İdmandan əvvəl içilən tünd çay maddələr mübadiləsini tezləşdirir. İdmandan sonra 2 saat ərzində meyvə, tərəvəz, balıq, yağsız ət kimi qidalar yeyildikdə əzələnin xeyrinə gedər, amma bu zaman müddətində şirniyyat və yağlı qida yemək olmaz, o dəqiqə əzələ deyil, piyə gedəcək. Güc trenajorları ilə kardio trenajorlarıyla arıqlamağın fərqi ondadır ki, gec trenajorlarından sonra əzələdə gərginlik 1 gün ərzində qalır və kalori hətta idmandan sonra evə gəlib istirahət etdikdə, yuxu zamanı belə yaxşı nəticə verərək yanır.
Onu da deyim ki, sentyabr ayından sonra mən idmanla həftədə yalnız 1 dəfə məşğul oluram və kardio trenajorlarla ancaq 15-20 dəqiqə məşğul oluram bədənin qızışması üçün. Çünki, işdə 6 saat daima ayaq üstə və hərəkətdə olduğumdan bu mənə kökəlməyə imkan vermir də daima kalori yandırıram, amma güc trenajorları ilə məşğul oluram hər zamanki kimi, bədənin formasını itirməmək üçün.
Uzun sözün qısası, bütün bu dəyişikliklərdən sonra çəkim 74-dən 58.500-ə düşdü, belimin ölçüsü 88 sm-dən 75-sm-ə qədər incəldi.
Əvvəlki formam:
Sonrakı formam:
P.S. Nə sualınız olsa verin, cavablandıracam (saytda uzun müddət olmadığım barədə heç kim heç nə soruşmasın, bir şeydən əmin olun ki, bu saytla bağlı heç bir problemim olmayıb, buradakı rəhbərlik məni sevir, mən də onları sevirəm, burada olmamağımın tamam başqa şəxsi səbəblərim var idi).