Əslində bu limonadı hazırlamağımın qısa bir hekayəsi var.
Bir gün anam evə gələndə əlində bir torba limonla girdi. "Bu qədər limonu neynirsən?" dedim. "5 ədədin 1 manata satırdılar,mən də aldım" dedi. Axşam oldu, atam işdən gələndə bir də baxdım ki, o da bir torba limon alıb. Səbəb eyni idi. Mən də bu limonlar xarab olmasın deyə, bu resepti axtarıb tapdım və hazırladım. Yaxşı ki alıblarmış o limonları, çünki yayda soyuducudan əksik etməyəcəyim bir limonad öyrənmiş oldum. Allah canlarını sağ eləsin Hazırlayarkən şəkillərini də çəkməyi unutmadım. Nəticə yaxşı olsa, "sizlərlə bölüşərəm" dedim. Və nəticə gözlədiyimdən də yaxşı oldu. Ona görə sizlərlə də bölüşdüm. Buyurun, bu da mənim limonadım.
Tərkibi:
6-7 ədəd orta boy limon
2 st. şəkər
1,5 x.q. limon duzu
3 litr su (2 litr qaynar,1 litr soyuq)
Hazırlanması:
Əvvəl limonların qabıqlarını sürtkəcin xırda gözündə rəndələyin.Ağ hissələrini rəndələməməyə diqqət edin,çünki acı olar.
Sonra limonları ortadan bölüb, limon sıxanla və ya xüsusi aparatla (yoxdursa, əlinizlə) suyunu sıxın.
Limon şirəsini, limon duzunu, şəkəri və qaynar suyu limon qabıqlarının üzərinə əlavə edin. Şəkər əriyənə kimi qarışdırın. Qaba qapaq qoyun və bir kənarda soyuyana kimi saxlayın. Soyuducuda soyutmayın,çünki öz halında soyuduqca limonun dadı suya qarışır.
Tam soyuduqdan sonra üzərinə soyuq suyu da töküb süzgəclə süzün.Və servis edə bilərsiniz.
P.S. Damaq dadınıza uyğun suyun miqdarını azalda və ya çoxalda bilərsiniz.Həmçinin şəkərin miqdarında da istədiyiniz dəyişikliyi edə bilərsiz.