Respublikamızda bəziləri əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə bibiqızı və s. arasında nikah bağlanmasını təbii hal sayırlar. Özü də bu izdivacın əsas təşəbbüskarları və təşkilatçıları valideynlər olur, bəzən isə gəncləri zorla buna sövq edirlər. Xalq arasında belə məsəl də var: “Əmioğlu ilə əmiqızının kəbinini göydə mələklər kəsib”.
Sübut edilmişdir ki, ata ilə ananın qohum olmaması nəslin əqli və fiziki sağlamlığı, habelə ailədə irsi xəstəliklərin profilaktikası üçün mühüm şərtdir.
İrsiyyət - əlamətlərin nəslə keçməsinə deyilir.
Müasir tibb elmi “ikiqat qohumluğu” – yaxın qohumla evlənməni zərərli hal sayır. Statistik məlumatlar göstərir ki, qan qohumu ilə evlənənlərin 3-5 faizinin övladları anadangəlmə əsəb xəstəliyinə tutulur. Hazırda dünyada minlərlə irsi xəstəliklər, xüsusilə də qan xəstəlikləri mövcuddur. İrsi xəstəliklər isə sonsuzluq, irsi qan azlığı, ürək qüsuru, əqli cəhətdən kəm və lal-kar uşaqların doğulması ilə nəticələnir. İrsi əlamətlər hüceyrələrdəki genlərlə nəsildən-nəslə keçərək əhali arasında xəstə genli şəxslərin sayını artırır. Bütün bunlar gənc nəslin sağlamlığı üçün qorxuludur.
Ölkəmizdə qohumlararası nikahlar əsasən Orta Asiyada və Azərbaycanda müşahidə edilir.
Qohumlararası nikahın təhlükəsi nədədir? Müşahidələr göstərir ki, qohum olmayanlar arasındakı nikahlara nisbətən qohumlararası nikahlarda irsi ailə xəstəlikləri 4-5 dəfə çoxdur. Bu ciddi təşviş doğurur.
Qan qohumu olan valideynlərin uşaqlarında ən çox müşahidə edilən klinik əlamət intellektin müəyyən dərəcədə zəifləməsi, hətta tam oliqofreniya formasıdır. Bakı şəhərində yaşayan Sonanın ailəsi buna klinik misal ola bilər. Əmioğlu ilə əmiqızı evlənmişlər. 25 ildir ər-arvaddırlar. Ailədə 5 övlad var, üçü ağır xəstə, ikisi sağlamdır. Ailənin ilki 23 yaşında yaraşıqlı, boylu-buxunlu, enlikürək bir oğlandır. Lakin ağıldan kəmdir, nitqi qüsurludur. Həmişə nəzarət altındadır, ikinci qrup əlildir. Ata-ananın ikinci övladı 20 yaşlı kobud, şikəst qızdır, danışa bilmir. Çox əsəbidir, vaxtaşırı epilepsiya tutmaları baş verir. Hər bir işdən yapışa bilmir. 17 yaşlı üçüncü övlad ruhi xəstədir, əsasən psixiatriya xəstəxənalarında müalicə olunur.
Qan qohumluğu olan valideynlər həmişə peşmançılıq çəkir, uşaqların bədbəxtliyində özlərini günahkar bilirlər.
Gənclər qohumlararası nikaha köhnəlmiş adət, keçmişin zərərli qalığı kimi baxmalı və belə nikahdan imtina etməlidirlər.