Qənaətcil evdar xanım pulunu təsərrüfatişləri üçün artıq əşyalara və vasitələrə xərcləməz. İndi supermarketlər lazımı-lazımsız şeylərlə doludur: paltar yumaq üçün vasitələr, ətirləndiricilər, hava təmizləyənlər...
Halbuki bunlarsız da keçinmək olar.
Necə?
Bax, beləcə:
Ərp üçün limon duzu
Paltaryuyan maşının barabanında ərp əmələ gəlməsin deyə, bahalı tozlar almağa ehtiyac yoxdur. 1-2 aydan bir 2 paket limon duzunu maşının toz üçün gözünə tökün, 60-80 dərəcəlik rejim seçin, vəssalam.
Ev şəraitində ətirli hava təmizləyən
Bu ətirli bankanın ağzını 15 dəqiqəlik açmaq kifayətdir ki, otaqlar uzunmüddətli xoş rahiyəyə qərq olsun.
Ağzı möhkəm bağlana bilən dekorativ və ya xüsusi formalı şüşə bankaya quru qızılgül ləçəkləri, onun üzərindən 1 lay ədviyyat (mixək, darçın və.s.), üzərindən yenə 1 təbəqə qızılgül ləçəkləri qoyun. Banka dolana kimi bu ardıcıllığı təkrarlayın. Sonda 2 damcı qızılgül yağı əlavə edib, qapağı kip bağlayın, var gücünüzlə sıxın. Lazım olanda bankanın ağzını açıb sehirli ətirdən bihuş olun.
Geyimdəki mürəkkəb ləkəsi
Köynəyə və paltara düşmüş qələm və mürəkkəb ləkəsini saç lakı aparır. Saç lakını ləkə üstünə sıxıb,sonra bir parça paltar sabunu ilə möhkəm sürtürsüz.Daha sonra soyuq suda yaxalayın.
Güvə və paltar həşəratları üçün qəzet
Artıq naftalinə ehtiyac duymayacaqsınız. Güvə qəzetin iyinə dözmür. Ona görə də qış geyimlərini və xəz əşyaları qəzetə büküb şkafa yığa bilərsiz. Şkaf və çemodanlara paltar sabunundan bir parça qoymaq da müsbət effekt verir.